"Ölüm" və "ölümsüzlük". Biz niyə ölürük?

Ölüm insanların uzun illərdən bəri araşdırdıqları bir sahədir. İndiyə qədər ölüm haqqında çox şeylər deyilib. Ancaq elm, artıq ölümün niyə var olduğunu izah edə bilir.

"Ölüm" və "ölümsüzlük". Biz niyə ölürük?

2012-ci ilin fevral ayında Nottingem universitetindən alimlər Platyhelminthes (Yastı qurdlar) üzərinə edilən araşdırmalarda, hər dəfə özlərinin yeni kopyalarını yaradaraq, bu kopyalayarın “telomer” dediyimiz gen strukturlarını dəyişdiyi və bu yolla fərdi olaraq sonsuza qədər yaşaya bildiklərini göstərdilər.

Ölüm insanların xüsusilə də elm insanlarının uzun illərdən bəri araşdırdıqları bir sahədir. İndiyə qədər ölüm haqqında bir çox şeylər deyildi, yazıldı, çəkildi. Ancaq xüsusilə Təkamül Biologiyasının güclənməsi ilə yüksələn müasir elm, artıq ölümün niyə var olduğunu, mexanizmlərini, necə ortaya çıxdığını və elmi olaraq nə demək olduğunu çox yaxşı izah edə bilir. İnsanların ölümə və ölüm sonrasına yüklədikləri fərqli mənalar, məqbul bir insani davranış (təlqin və təsəlli) olsa da, bu fikirlər elmdən tamamilə uzaqdır. Çünki, ölüm çox sadə bir təbiət mexanizmidir və təbiətdən alınan maddələrin təbiətə geri qayıtmasına deyilir. Ölümdən "sonra" deyə bir şeydən bəhs edilə bilməz, çünki beynin ölümüylə, o canlı üçün artıq "canlılıq" deyə bir şeydən bəhs edilən bilməz. Yəni onun "ölümü", "sonrasını", "zamanı" qəbul etməsinə və bu barədə şərh etməsinə səbəb olan bütün mexanizmlər yox olur. Buna görə də,ölümdən "sonrasını" hiss etməyin, təcrübə etməyin, yaşamanın hər hansısa bir yolu yoxdur. Buradan çox sadə nəticə çıxır: Ölüm sonrası həyat insanın qorxularından doğan bir təsəllidir.

Elmi baxımdan yanaşsaq, ölümün çox normal bir təbii proses olduğu görə bilərik. Əslində, bu prosesi sadəcə Təkamül Biologiyası və Populyasiya Genetikası kimi elm sahələrinin qavranılması yolu ilə izah etmək olar. Çünki ölüm təkamül prosesi zamanı canlılar arasındakı mübarizəni tarazlayır. İlk dəfə uzaq əcdadlarımızda, yəni tək hüceyrəli koaservatlarda və bakteriyalarda belə mübarizə nəticəsində yaranan "mexaniki ölüm" dediyimiz halla rastlaşırıq. Ancaq elə Təkamül Biologiyasının açıqlamalarına tamamilə uyğun bir şəkildə də, prokariotların demək olar ki, heç birində "təbii ölüm" hadisəsindən bəhs edə bilmirik. Yəni onların heç biri bizlər kimi "yaşlanma” nəticəsində ölmürlər. Bu da son dərəcə aydın bir haldır, çünki yaşlılıq və bunun nəticəsində təbii olaraq həyatın sona çatması, təkamül müddətində əldə edilmiş tarazlayıcı bir uyğunlaşmadır.

Təkamül biologiyasının bizə öyrətdiyi kimi, həyatın bioloji olaraq yalnız 2 məqsədi vardır: həyatda qalmaq və törəmək. Bunu nəzərə alsaq, təməl məqsədlərini həyata keçirmiş bir canlının varlığını davam etdirərək, yeni doğulan canlıların qaynaqlarını istehlak etməsi növün davamlılığı baxımından heç də doğru bir hal deyil. Buna görə təkamül müddətində, qulağa heç xoş gəlməsə də, "ölüm" dediyimiz hüceyrələrin dağılması (dekompozisiyası) və canlılığını itirməsi vəziyyəti yaranmışdır. Bu müddətin əldə edilməsi də çox sadə bir mexanizmə əsaslanır: Qısaca, "ölüm" dediyimiz fakt, hüceyrələrimizin hər dəfə bölünməsi zamanı DNT-nin uc qisimlərindəki telomer strukturlarının cütləşməyərək ümumi zəncirin qısaltması, bunun nəticəsində bir müddət sonra hüceyrələrin artıq özlərini kopyalaya bilməməsi və canlılığını (enerjini istifadə edərək entropiyaya qarşı mübarizə aparma halını) sonlandırmasıdır. Bunu başa düşə bilsək, "ölümsüzlük" anlayışı çox daha rahat başa düşəcəyik.

Telomerlər

Bir çox inanc və düşüncə sistemi inkişafları əsnasında ölüm kimi təbii bir hadisəni də inanclarına uyğunlaşdırmağa çalışsalar da, ölüm inancların deyil, təbiətin bir həqiqətidir və yalnız təbii mexanizmlərlə reallaşır. Bənzər şəkildə, bəzi canlıların ölümsüzlüyü də tamamilə təbii proseslərlə izah olunur. Onsuz da, yuxarıda da vurğuladığımız kimi, əslində ölüm ölümsüzlükdən təkamülləşmiş bir haldır. Elmi xəbərlərdə gördüyümüz bu ölümsüz canlılar da onsuz da təbiətin normalda olan xüsusiyyətini davam etdirən canlılardır.

Az öncə dediyimiz kimi “ölüm” tarazlayıcı bir ünsürdür və təkamül müddətində təbiətdə var olan qaynaqların ən məhsuldar şəkildə istehlakını təmin etmək məqsədiylə yaranmışdır. Yəni, əgər ekoloji təzyiqlər altındakı bir növ öz qaynaqlarını balanslı bir şəkildə istehlak edirsə, o canlının ölümsüz olmasında da qeyri-adi heçnə yoxdur.

Belə bir mexaniki çərçivə cızdıqdan sonra, ölümsüzlüyü daha doğru xarakterizə edə bilərik: Ölümsüzlük - canlının özünü çoxaltdığı zaman telomerləri də yeniləməsi sayəsində əsla təbii ölüm ilə qarşılaşmaması hadisəsidir. Bu, eynilə buna bənzəyir: Fərz edin ki, 60 yaşına çatdığınızda tək bir hüceyrənizi özünüzdən ayırıb, o hüceyrədən özünüzü tam şəkildə yenidən kopyalayıb (eynilə zigotda olduğu kimi) həyatınıza qaldığınız yerdən davam edə bilirsiniz. Ancaq buradakı vəziyyət tək bir hüceyrə ilə məhdudlaşmır.

Yastı qurdlar onurğasızların ən ilkin nüməyəndələrindən biridir. Çox ibtidai bir sinir sisteminə sahibdirlər. Qan-dövranı sistemləri mürəkkəb deyil. Sanki çox hüceyrəliliyə yeni addım atmış kimidirlər. Onların elm dünyasında bu qədər böyük həyəcan yaratmalarının səbəbi, çox hüceyrəli canlılarda ölümsüzlük nümunələrinin görülməsidir. Yuxarıda da dediyimiz kimi, tək hüceyrəli prokariotlarda ölümsüzlük sadə bir hadisədir. Ancaq çox hüceyrəlilərdə bunu görmək adi bir hal deyil, çünki çoxhüceyrəlilərin mürəkkəb strukturlarının davamlılığının təmin edilməsi çətindir və çoxhüceyrəlilərin həyatlarını davam etdirmək üçün istifadə etdiyi qaynaqlar tükənməyə meyillidir. Bütün bunlara baxmayaraq çox hüceyrəlilərdə də özlərini yeniləyib ölümsüzlüyə sahib olan canlılar görmək maraqlıdır. Yaxşı bu canlılar bunu necə edirlər?

Yastı qurdlar

Yastı qurdlar ortadan ikiyə kəsildiklərində özlərinin kəsik tərəflərini tamamlaya bilirlər. Üstəlik yenidən yaradılan bu hissə gənc hüceyrələrdən ibarət olur. Yəni, bir yastı qurdun davamlı şəkildə ikiyə bölünməsinə və əskik qisimini tamamlamasına icazə verilərsə, o, hər dəfə gənc və diri hüceyrələr yaradaraq ölümsüz olacaq. Bioloji ölümsüzlük budur.

Yastı qurdların bölünməsi

Burada maraqlı bir sual yaranır: Kopiyanın yaşaması, fərdin özünün yaşamasıdırmı? Sinir sistemindən demək olar ki, tamamilə məhrum olan, tam mənada genlərin idarəsində fəaliyyət göstərən bu tipli sadə canlılarda, kopyalanmış hüceyrələr orijinal fərdinkiylə az qala eyni olur. Bu da, nəzəri olaraq iki kopiyanın bir-birinin eynisi olması deməkdir. Əslində isə, heç burada kopyalardan ümumiyyətlə bəhs edilmir! Burada bəhs edilən, kəsilən bir canlının itirilmiş hissəsini yenidən bərpa edib həyatını davam etdirməsidir. Məsələn, əgər siz dilinizin 3-də 1-ə qədəri kəsildiyi zaman yerinə çıxan dilin özünüzə aid olmadığını, başqa bir canlının olduğunu iddia edirsinizsə, o zaman bəli, bu canlılar sizə görə bir-birinin eynisi deyil. Ancaq yeni çıxan dil parçası tamamilə sizə aid olacaq elə deyilmi? Yəni, kəsilən yastı qurdun özünü tamamlaması nəticəsində yaranan hər iki canlı ilk canlının eynisidir.

Əlbəttə, psevdoelmçilər öz fikirləriylə ziddiyyət təşkil etdiyi üçün bu fikri də bir çox digər mövzular kimi yozmaqda maraqlıdırlar. Buna görə də gülünc üsullara baş vuraraq "Başını əzin, qoparıb atın baxaq yaşayırmı?" kimi cahil yanaşmalar ortaya qoyurlar. Bu adamlar ikiyə bölündüyündə yaşamağı bacaran bir canlıya bu şəkildə yanaşaraq, əslində biologiyanın nə olduğunu anlamadıqlarını nümayiş etdirirlər. Əlbəttə ki, mexaniki ölüm ilə təbii ölüm arasında fərqlər var. Bir zərbə nəticəsində bütün hüceyrələr bir anda funksiyasını itirdiyi üçün bu canlı əlbəttə ki, öləcək. Ya da bir ovuc yastı qurdu yeyib həzm etdiyinizdə canlı əlbəttə ki, öləcək. Burada bəhs etdiyimiz bu tip bir ölüm deyil. Bizim demək istədiyimiz hüceyrələrin yaşlanması nəticəsində, artıq özlərini kopyalama xüsusiyyətlərini itirərək ölmələridir. Yalnız bu halda bu canlılara ölümsüz deyə bilərik.

Bu mövzuda bir başqa çətinlik də yenə elmdən anlayışı olmayan kəslərin bu həqiqətləri "boş söz" olaraq qiymətləndirmələridir. Unutmamaq lazımdır ki, bir mövzunu almamağımız o mövzunun yalan olduğu demək deyil, olsa-olsa bunu anlamaq üçün kifayət qədər məlumata sahib olmadığımız deməkdir. Ciddi araşdırmaların hamısı elmi məqalələrlə birlikdə beynəlxalq arbitraj komitələrindən keçərək nəşr olunur. Üstəlik, sınağı da pulsuzdur. Əgər kifayət qədər yaxşı mikrobiologiya və genetika biliyiniz varsa evinizdə bir yastı qurd ilə bu təcrübələri təkrar edə bilərsiniz. Dediklərimizin əks ilə qarşılaşsanız siz də elmi bir yenilik əldə etmiş olarsınız. Ancaq oturduğu yerdən kimlərinsə atıb-tutması müzakirə yox, cəhalət nümunəsidir.

© Yaşıl Elm | 2024 | Bütün haqqları qorunur!