6-cı hiss gerçəkdir? Elmi izahla tanış olaq.

Bəzən baxmasaq da saatın neçə olduğunu, görməsək də arxandan birinin gəldiyini hiss edirik. Bəs bunun səbəbi nədir? 6-cı hiss həqiqətən varmı? Elmin dediyinə nəzər salaq.

6-cı hiss gerçəkdir? Elmi izahla tanış olaq.

Bu sualı cavablandırmaq üçün öncə “6-cı hiss”ə bir tərif vermək lazımdır. Əgər “gələcəkdə  olacaq hadisələri öncədən görmək və bilmək”, “falçılıq”, “astrologiya” kimi saxta elmi yanaşmalardan bəhs ediriksə, əlimizdəki məlumatlar çərçivəsində belə bir iddianın elmi müstəvidə həqiqət olmadığını öncədən nəzərə almalıyıq. İndiyə kimi mistisizmlə əlaqədar saysız elmi araşdırmalar və təcrübələr aparılmışdır. Bundan əlavə günü bu gün də bu mövzuyla bağlı davam edən araşdırmalar və ictimai-mistik araşdırma dəvətləri mövcuddur. (“Gəlin, elmi olaraq araşdıraq” şəklində). Ancaq bu istiqamətdə fərqli güc və bacarıqlarının olduğunu iddia edən insanlar arasında həqiqətən də mistik gücü olan tək bir insanın mövcud olmadığını asanlıqla deyə bilərik. Çünki bu tip mistisizmin kölgəsinə sığınan adamların yalanları tarixin müxtəlif dövrlərində ya elmi analizlərin, ya da öz iddialarını praktiki sübut edə bilməməyin sayəsində çürümüşdür.

Digər tərəfdən, məsələn, bəzən qaranlıq bir küçədə tək yol getdiyimiz zaman izlənildiyimizi düşünməyimiz və ya arxamızda birinin olduğunu hiss etməyimiz mümkündür. Bəs heç bir ayaq səsi eşitmədən və izlənildiyimizə dair hansısa məlumatımız olmadan bunu necə hiss edə bilirik? Baxın, bu nöqtədə elm dövrəyə girir. Arxadan gələni görməsək, eşitməsək də, bunu hiss edə bilməyimizin müxtəlif səbəbləri ola bilər. Bunu anlamaq üçün “görmədiyimiz”, “eşitmədiyimiz”, “hiss etmədiyimiz” anlarda həqiqətən də görmədiyimizə, eşitmədiyimizə və hiss etmədiyimizə əmin olmalıyıq.

Ola bilərmi ki, görmədiyimiz, ancaq  zənn etdiyimiz anlarda əslində görürük? Bu tip şüursuz hesab etdiyimiz duyğuların cəminə (və hətta “mistik güc” olaraq önə sürülməyə çalışılan digər hisslərə də) elmi analizlərdə Duyğudankənar Qəbul (Extrasensory Perception) adı verilir.

Bir çox elm adamları belə bir duyğu tipinin olduğunu qəbul etmir. Məsələn, ABŞ Milli Elmlər Akademiyasının 96% nümayəndəsi bu cür duyğuların mövcud olmasını rədd edir. Bu duyğuların elm insanları tərəfindən rədd edilməsinin səbəbi edilən araşdırmaların etibarsız olması, təcrübə qurğularının qeyri-kafi olması və mövzuyla bağlı araşdırma edən insanların elmi metodologiyaya uyğun təcrübələr aparmamasıdır. Ancaq yenə də bəzi psixoloqlar israrla bu sahədə işlərini davam etdirirlər. Bunlardan xüsusilə bəziləri son dərəcə etibarlı araşdırmalar etdiklərini iddia edir və dünyanın nüfuzlu elmi jurnallarında məqalələr nəşr edə bilirlər. Biz belə məsələlərə elmi şübhəçilik çərçivəsində baxılmasının faydalı olduğunu düşünürük. Onsuz da bu araşdırmaları diqqətlə analiz etdiyimiz zaman bu tip hisslərin tamamilə elmi mənşələri olduğunu görə bilərik. İndi isə bunlardan bəzilərinə nəzər salaq.

"6-cı hiss"imiz bizə nə deyir?

Tənha bir küçədə arxamızdan gələn birini hiss edə bilməyimizi (ya da bənzər şəkildə, saatın 15:23 olduğunu düşünüb, baxdığımızda həqiqətən də elə olduğunu görməyimizi) ESP və bənzəri araşdırmaların nəticələrinə baxaraq tamamilə elmi yolla izah etməyimiz mümkündür. Küçə nümunəsinə nəzər salaq. Arxamızda həqiqətən biri varsa, asta ayaq  səsləri şüurumuzda hiss olunmasa da, şüuraltımız tərəfindən hiss edilə bilər. Buna “hissi sızıntı” (sensory leakage) adı verilir. Bu sızıntılar beynimiz tərəfindən analiz edilə bilər və şüuraltı vasitəsilə qorxu hissini tətikləyə bilər.

Başqa məqam, dəri reseptorlarımızın bəzilərinin, vizual reseptorlarla təkamül baxımından son dərəcə yaxın olmasıdır. Fərqində olmasaq və tam olaraq mexanizmini izah edə bilməsək də dərimizin müəyyən bir miqdarı işığa reaksiya verә bilir. Bu, beynimizə gözümüzdən başqa digər nöqtələrimizdən  məhdud sayda və ya miqdarda vizual məlumatın ötürülməsi mənasına gəlir.

Bənzər şəkildə çox məhdud səviyyədə bədənimizlə qəbul etdiyimiz, ancaq şüurlu olaraq fərqinə vara bilmədiyimiz səs titrəmələrini qəbul edə bilirik. Bu da səsləri, fərqində olmadan eşitməyimizi təmin edə bilər. Yəni səsə bağlı olan kiçik titrəmələr bədənimizdə və səs duyğu orqanlarımızda kiçik titrəmələrə səbəb olaraq şüuraltı bir fərqindəlik yarada bilər. (Bu mövzuda da elmi araşdırmalar davam edir).

Bir başqa məqam da feromonlar və ümumilikdə qoxu duyğusudur. Feromonlar müxtəlif səbəblərdən heyvanların bədənindən ifraz olunan, bədən xarici hormonlardır. Bu kimyəvi maddәlər hava vasitəsilə digər fərdlər tərəfindən qəbul edilə bilər. Feromon ifrazatı insanda olduqca azalmış və korlaşmış bir mexanizmdir. Olduqca zəifləmiş iybilmə (burun) və feromon ifraz edən orqanlarımız (Jacobsen orqanı ya da Vomeronasal orqan) şüuraltı səviyyədə bizim fərq etmədiyimiz bəzi proseslərin başlamasına səbəb ola bilər. Bu səbəbdən arxamızdakı fərdin  qoxusu və ya  ifraz etdiyi çox kiçik miqdardakı feromonlar bizim reaksiya verməyimizə səbəb ola bilər.

Bu mövzuyla bağlı son məqam isə işığın əks olunmasıdır. Normal halda biz bunu “kölgə” kimi xarakterizə edə bilərik, ancaq bu makro ölçüdə olan bir əks-sәdadır. Digər tərəfdən, arxamızdakı cisimlərin önümüzdəki cisimlərdən əks olunan görütüləri bizim üçün aşkar görüntülər olmasa da beynimiz tərəfindən bir ehtimal kimi qəbul edilә bilər. Bu səbəbdən arxamızdakı fərddən çıxıb önümüzdəki bir obyektdən əks olunaraq gözümüzə çatan fotonlar beynimizə çatdıqları zaman yox olsalar da bəzi hisslərin meydana gəlməsini təmin edə bilir. Dəri hüceyrələrimizin ultrabənövşəyi şüaları hiss edə bildiyinə dair isə olduqca güclü sübutlar var. Bu “görmə” prosesi tam olaraq düşündüyümüz kimi olmasa da burada seçdiyimiz mövzumuzla əlaqəli ola bilər.

Saat mövzusunda da bənzər halların meydana gəlməsi mümkündür. Haqqında bəhs etdiyimiz saat qol saatıdırsa, daha fərqli açıqlamayla çıxış edə bilərik. Görmə sahəmiz daxilindəki cisimlərə şüurlu olaraq fokuslanmasaq da, onlarla əlaqədar məlumatları beynimiz qiymətləndirir. Buna görə də bir neçə saniyə əvvəl beynimiz biz fərqində olmadan saatımızı görə bilir. Biz isə bunu “təxmin etdiyimizi” hesab edirik. Sonra isə saata baxdığımız zaman təxmin etdiyimiz saatı gördüyüümüzdə təəccüblənirik. Baxın, bu,  tez-tez rast gəldiyimiz bir faktdır və bu tip “mistik” və ya “psixoloji” mövzularla bağlı bizdə fərqli bir fikir formalaşdıra bilər. Bunların hamısı və əlavəsi “6-cı hiss” kimi anlayışların elmi izahıdır. Bu mövzulara başqa şəkildə açıqlama gözləmək və xüsusi mistik anlam vermək tamamilə əsassız, elmdənkənar yanaşma tərzidir.

"6-cı hiss" haqqında elm nə deyir?

Mövzuyla əlaqədar ən böyük problem araşdırmalardakı ön mühakimələrimizdir. Çünki fokuslandığımız məqam “doğru çıxan təxmin”lər olduğu üçün arxamızda kiminsə olduğunu doğru təxmin etdiyimiz anlar (və ya saatı öncədən doğru təxmin etdiyimiz zamanlar) daha çox yadımızda qalır. Ancaq etdiyimiz bütün təxminlərin siyahısını çıxarsaq, doğru çıxan təxminlərimizin, səhv çıxanlara nəzərən daha az olduğunu görəcəyik (elmi araşdırmalar da bunu göstərməkdədir). Ümumilikdə biz doğru təxminlərimizi nəzərə alır, yerdə qalan, yanlış təxminlərimizi isə nəzərə almırıq. Bu da bizdə sanki bütün təxminlərimiz doğru çıxırmış kimi bir səhv mühakimə yaranmasına səbəb olur.

Elm bütün mövzularda davamedici araşdırma metoduna sahibdir. Eyni mövzu haqqında müxtəlif zamanlarda müxtəlif nəticələr əldə edilir. Hətta bir nəticə özündən əvvəlkini təkzib edə bilir. Unutmaq lazım deyil ki, haqqında bəhs etdiyimiz mövzuda da araşdırmalar davam etməkdədir və son nəticəyə hələ çatmamışıq. Qəti nəticələr əldə etmək üçün daha çox araşdırma lazımdır. Ancaq nə olursa olsun, indiyə qədər elmin çatdığı nöqtələr və keçmişdə bu yerlərlə əlaqədar insanların etdikləri açıqlamaları nəzərə alsaq, 6-cı hiss kimi mövzuların da tamamilə elmi açıqlamaları olacağını rahatlıqda deyə bilərik. Bizim etməli olduğumuz şey daha çox araşdırmaq, sorğulamaq, oxumaq və hər məlumatı məntiq süzgəcindən keçirməkdir.

Həqiqətləri yalnız elmi yolla əldə edə bilərik.

6-cı hiss haqqında elmi mənbələr:

1. McConnell, R.A., and Clark, T.K. (1991). "National Academy of Sciences' Opinion on Parapsychology" Journal of the American Society for Psychical Research, 85, 333-365.

2. Sherwood, S. J. & Roe, C. (2003). "A review of dream ESP studies conducted since the Maimonides studies". Journal of Consciousness Studies 10: 85–109

3. Cordón, Luis A. (2005). Popular psychology: an encyclopedia. Westport, Conn: Greenwood Press. p. 182. ISBN 0-313-32457-3

4. Gracely, Ph.D., Ed J. (1998). "Why Extraordinary Claims Demand Extraordinary Proof". PhACT. Retrieved 2007-07-31

5. skepdic.com

6. livescience.com

7. madsci.org

© Yaşıl Elm | 2024 | Bütün haqqları qorunur!