Tesla və Edison: Cərəyan Müharibəsi

Elektrik dedikdə ağla ilk Tesla və Edison gəlir. Zaman irəlilədikcə bu iki ixtiraçının yolları kəsişəcək və sözün əsl mənasında aralarında “Cərəyan müharibəsi” yaranacaq.

Tesla və Edison: Cərəyan Müharibəsi

Bir tərəfdə Tomas Edisonun Sabit cərəyanı (DC), digər tərəfdə isə Nikola Teslanın  Dəyişən cərəyanı (AC)... Gəlin zamanda keçmişə gedək və hadisələrin axışına qoşularaq, bu “müharibə”nin qalibinin kim olduğunu öyrənək. Ancaq əvvəlcə “müharibə”nin şərtləri ilə tanış olmağımız və hər iki tərəfi qısaca tanımağımız lazımdır. Sonra isə “müharibə başlasın”.

Tomas Edison

Tomas Alva Edison - dünya şöhrətli amerikalı ixtiraçı və sahibkardır. Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O, həmçinin, elektrovoz istehsalına başlamış, fonoqrafı kəşf etmişdir. Edison daim oxuyur, elm və texnikanın bütün nailiyyətlərindən və yeniliklərindən xəbərdar olurdu. O, 1869-1876-cı illərdə bir sıra orijinal cihazlar ixtira edib, patent almışdı.

Tomas Edison

1877-ci ildə Edison səsləri plastinkaya yazan fonoqrafı, daha sonra isə yazılmış səsləri yenidən “canlandıran” cihazı ixtira etdi. Bu ixtirasına görə onu “Menlo-parklı sehrbaz” adlandırırdılar. Edisonun bu ixtirası müasir səs texnikasının əsasını qoydu. 1879-cu ildə Edison Lodıginin lampasını təkmilləşdirərək onu praktika üçün yararlı edir, lampaya sokol, patron əlavə edib, müasir dövrümüzdəki şəklə salır. Sonra o, öz dövrünün ən güclü generatorlarının layihəsini hazırlayır. 1882-ci ildə dünyada ilk dəfə istilik elektrik stansiyasını qurur və ictimaiyyətin istifadəsinə verir.

Edison teleqrafı təkmilləşdirərək bir cüt məftillə eyni vaxtda iki, hətta dörd teleqram vermək üsulunu ixtira edir. O, Bille telefonunu təkmilləşdirib, səsin telefonda təmiz, aydın və uca olmasına nail olur. Dünyada ilk elektrikli dəmir yolunu o çəkir, qələvili akkumulyatoru ixtira edir, dəmir filizinin maqnitlə seperasiyası üsulunu təqdim edir.

Evlərdə elektrik enerjisinin sərfiyyatını hesablamaq üçün Edison dünyada ilk sayğacı qurur. Əriyən qoruyucunu ixtira edir, radio lampalarının təməlində duran termoelektron hadisəsini - Edison effekti - 1883-cü ildə kəşf edir, kino sahəsində bir çox mühüm ixtiraların müəllifi olur.

Edison həyatı boyu öz laboratoriyasında minlərlə təcrübələr aparmış və ixtiralarını praktikaya, məişətə çıxarmaq üçün iri zavodlar yaratmışdır. İxtiraçı-kapitalist olan Edisonun əməyi bütün bəşəriyyətə müsbət təsir edib. Onun kimya, mədənçilik, hərbi texnika sahələrində də mühüm kəşfləri olub.

Tomas Edison 1927-ci ildə ABŞ Mill Elmlər Akademiyasının, 1930-cu ildə isə SSRİ Elmlər Akademiyasının üzvü olmuşdur. Ancaq bütün bunlarla birlikdə Edison işlərində sabit cərəyandan (DC) istifadə edirdi, bu da böyük güc itkisinə səbəb olurdu. Sabit cərəyanın daşınması üçün iri radiuslu naqillər lazım idi və hər 1 mildən bir elektrik stansiyası qurulmalı idi. O dövr üçün bu sistemlər ideal hesab olunurdu. Bütün bunlara baxmayaraq O, bu problemləri düzəltmək üçün gecə-gündüz işləyirdi, ancaq heç nəyə nail ola bilmirdi. Çünki, sabit cərəyan genaratorlarında problemlər var idi və bu, böyük bir mühəndislik problemi halına gəlmişdi.

Nikola Tesla

Nikola Tesla - müasir dəyişən cərəyanlı elektrik enerji şəbəkəsinin layihələndirilməsi yolunda öz töhfələri ilə məşhurlaşan serb əsilli Amerika futuroloqu, elektrik mühəndisi, maşın mühəndisi və ixtiraçısı. Tesla ixtiralarına görə təxminən 300 patent alıb. Teslanın patentlərinin bəziləri nəzərə alınmayıb və onun müxtəlif patent arxivlərində gizli yatan bəzi patentləri sonradan aşkar edilib. İzah üçün qeyd etmək olar ki, Teslanın 26 ölkədə buraxılmış ən azı 278 patenti var. Teslanın patentlərinin çoxu ABŞ, Britaniya və Kanadadadır, ancaq digər bir çox patentləri başqa dünya ölkələrində də təsdiqlənib. Hətta, Tesla tərəfindən kəşf olunmuş bir çox ixtiraya patent verilməyib.

Nikola Tesla

Teslanı digər alimlərdən ayıran şey, onun ağlı və yaradıcı düşünmə qabiliyyəti idi. Bəzən o saatlarla laboratoriyada çalışır, fərqli nəzəriyyələri müqayisə edirdi. Hətta, bəzi qaynaqlara görə Tesla bir dəfə 84 saat laboratoriyadan çıxmamışdı. Teslanın əsas hədəfi elektrik enerjisini naqilsiz ötürməyin yolunu tapmaq idi. O yerin özünü keçirici kimi istifadə edərək elektrik enerjisi uzaq məsafələrə, öz adını verdiyi Tesla Bobini vasitəsilə ötürmək istəyirdi. Ancaq burda bəzi problemlər üzə çıxdı və bu normal idi. Onun əsas gördüyü işlər elektrik stansiyalarının layihələndirilməsi istiqamətində idi və elektrik mühərriklərini inanılmaz səviyyədə inkişaf etdirirdi. Bu elektrik mühərriklərindən (maşınlarında) biri Asinxron maşın idi. Mühərrikin fırlanması üçün, maşında fırlanan maqnit sahəsi hasil edən üçfazalı cərəyan istifadə edilirdi. Beləliklə, qığılcımların olmaması, daima işinin yüksək səviyyədə saxlanması və mexaniki fırçaların əvəzlənməsi kimi üstünlükləri ilə yanaşı, kollektora ehtiyac olmadan avtomatik işə başlaya bilən bu innovativ elektrik mühərriki 1888-ci ilin mayında patentləşdirildi. Bundan başqa bir çox ixtiralara da imza atan Tesla, tarixin yaddaşında zamanının fövqündə olan bir dahi kimi qalmışdır. Çünki, onun düşündüyü yaradıcı fikirlər yaşadığı dövr üçün heç də qəbul edilən deyildi.

İndi isə, hər iki tərəflə qısa tanışlıqdan sonra “müharibənin” necə başladığına və kimin qalıb olduğuna baxaq.

Tesla Edisona qarşı

Bir tərəfdə  yeni və üstün Dəyişən Cərəyan sistemi ilə Tesla və Vestinqhaus, digər tərəfdə isə daha geniş yayılmış Sabit Cərəyan sistemi ilə Tomas Edison və General Electric. ABŞ-də keçirilən “Çikaqo Dünya Sərgisi”ndə güc kimdə olacaqdı? Teslanın sistemi daha güclü idi, yoxsa Edisonun?

Əvvəlcə Edisonun Sabit Cərəyan sisteminin problemlərinə nəzər salaq. Yuxarıda da qeyd etdiyim kimi, sabit cərəyanın daşınması üçün böyük radiuslu naqillər lazım idi. Çünki, burada naqilin cərəyana qarşı göstərdiyi müqavimət, daşınan enerjinin böyük bir qisminin itkiyə getməsinə səbəb olurdu. Bu hal həm dəyişən cərəyanda, həm də sabit cərəyanda var idi, ancaq sabit cərəyanın əskinə, dəyişən cərəyanda bu problemi aradan qaldırmaq daha asan idi.

Edisonun Sabit Cərəyan maşını

Belə ki, sabit cərəyanlı sistemləri inkişaf etdirmək üçün yüksək sürətli, hərəkətli və böyük həcmə malik olan genaratorlar lazımdır. Bunların istifadəsi həm zəhmətli idi, həm də nasazlıq zamanı təmiri çox baha başa gəlirdi. Amma dəyişən cərəyan həm çox ucuz qiymətə inkişaf etdirilə bilərdi, həm də sistemlər nasazlıq zamanı rahatlıqla yenindən təmir edilə bilərdi. Bununla yanaşı, Edisonun Sabit Cərəyanında gərginliyi dəyişdirmək çox zəhmətli bir iş olduğundan, genaratordan alınan gərginlik istifadəçilərə qədər sabit şəkildə ötürülürdü. Bu səbəbdən, cərəyan kiçik gərglinlik genaratorlarından istifadəçilərə çatana qədər yolda böyük itkiyə məruz qalırdı. Edison bunu hər 2 km-dən bir yeni genarator qoyaraq həll etmək isdəyirdi, ancaq bu, yenə də iqtisadi baxımdan bahalı və zəhmətli bir üsul idi.

Teslanın Dəyişən Cərəyan sistemlərində isə gərginliyi çox asan bir şəkildə dəyişdirmək mümkün idi. Elektrik axımı Dəyişən cərəyan şəbəkələrindən istifadəçilərə gələnə qədər yüksək miqdarda gərginliklə gəlirdi, istifadəçilərə çatdıqda isə transformatorlar sayəsində kiçildilib istifadəyə verilirdi. Beləcə, daşınan enerjidə itkilər minimuma enirdi və elektrik enerjisi çox az itki ilə daşınaraq insanlara çatdırılırdı. Bu yolla çox az sayda naqil və bir neçə dirək istifadə edərək enerjini daha uzun məsafələrə minimum itki ilə daşımaq mümkün olurdu.

Teslanın Dəyişən Cərəyan maşını

Bir müddət sonra Edison öz “avtoriteti”ni qorumaq üçün heçdə xoş olmayan yollara əl atmağa başladı, çünki artıq Teslanın Dəyişən Cərəyan sistemləri Edisonun Sabit Cərəyan sistemlərini qabaqlamağa başlamışdı. Edison bütün simpoziumlarda, sərgilərdə, hətta adi söhbətlərdə Teslanın Dəyişən Cərəyanını pisləyərək nüfuzdan salmağa çalışırdı. Çünki, Dəyişən Cərəyan sistemləri çox böyük sürətlə yayılırdı və Edison bundan narahat idi. Bir dəfə Edisonun yanında işləyən iki elektrik mühəndisi - Artur Kennli və Harold Broun küçədən topladıqları pişik və itlərlərlə xalqa Teslanın Dəyişən Cərəyanının təhlükələrini göstərmək üçün bir neçə təcrübə nümayiş etdirdilər. Onlar yüksək platformaya çıxaraq pişik və itlərə canlı-canlı elektrik verib yüzlərlə izləyicinin gözləri önündə heyvanları öldürdülər. Zamanla böyükbaş heyvanlara da elektrik verərək öldürür və  Dəyişən Cərəyanla işləyən sistemlərin necə insanlar üçün “təhlükəli” oldugunu xalqa göstərməyə çalışırdılar.

Bu fəaliyyətlərlə qane olmayan Edison daha da çirkin yola əl ataraq bir filə elektrik verərək xalqın gözü önündə heyvanı öldürmək istədi. Nyu York sirkinin məşhur fili Topsini, 3 nəfərin ölümünə səbəb olduğu üçün ölümə məhkum etmişdilər. Edison isə bu fürsətdən yararlanaraq filin elektrik verilərək öldürülməsini təklif etdi. Topsi, 4 yanvar 1903-cü ildə dəyişən cərəyan mənbəyindən 6000 V gərginlik verilərək 1500 izləyicinin gözü önündə öldürüldü. Bütün bunları kamera ilə qeydə alan Edison, gələcəkdə davam etdirdiyi anti-AC propaqandalarında bu qeydlərdən istifadə edirdi.

Topsinin edamı

Nəhayət, Cərəyan Müharibəsi artıq sonuna doğru yaxınlaşırdı. Artıq qalib bəlli olmalı idi. 1893-cü il, Tesla və Vestinqhaus üçün bir dönüş nöqtəsi olacaqdı. Çikaqoda Xristofor Kolumbun Amerika qitəsini kəşf etməsinin 400-cü illiyinin şərəfinə, o günə qədər misli görülməmiş bir sərgi təşkil edilmişdi. Sərgidə Amerikanı təmsil edən son texnoloji yeniliklər də yer alacaqdı və bunların öncülü də elektrik olmalı idi. Həm Vestinqhaus, həm də Edisonu təmsil edən "General Electric" şirkəti sərginin elektrik təminatı işləri üçün layihəyə qatılmışdılar. "General Electric" və Edisonun təklifi 1 milyon dollardan çox idi, halbuki Teslalı Vestinqhaus daha az məbləğ - 400 min dollar - təklif etmişdi. Aradakı qiymət fərqi "General Electric" və Edisonun acgözlüyü səbəbindən deyil, bu cür böyük bir sahəni elektriklə təmin etmək üçün DC sistemin ehtiyacı olan çoxlu sayda əlavə kabel və generator yuvalarının qoyulmasının vacibliyindən qaynaqlanırdı. Ən sonda layihəni Teslalı Vestinqhaus qazandı.

Bu Tesla üçün çox böyük bir fürsət idi. Nəhayət ki, dünyaya AC-nin üstünlüklərini, Edisonun propaqanda kampaniyası olmadan göstərə biləcəkdi. Tenderi itirməkdən çox məyus olan General Electric qrupu son zərbəni vurmaq və işi axsatmaq üçün Vestinqhaus və Teslanın sərginin işıqlandırılmasında istifadə etdikləri, ancaq patenti Edisonun olan közərən telli lampanın istifadəsini qadağan etdi. Vestinqhaus qrupu isə bu qadağadan yaxa qurtarmaq üçün qısa müddətdə iki pinli yeni bir lampa icad etdi.

"Cərəyan Müharibəsi"nin sonu

1 May 1893 tarixində Kolumb Dünya sərgisi açılışını etdi. Açıldığı günün axşamında hava qaraldıqdan sonra, o zamankı ABŞ prezidenti olan Qrover Klivlend işıqları bəsləyən ana mənbənin açarını qapadı, birdən sərgi sahəsindəki neoklasik binalar yüz minlərlə közərən lampa sayəsində işığa büründü.

Sərgiyə qatılan hər kəsin nəfəsini kəsən, möhtəşəm bir mənzərə ortaya çıxdı. Bu çılçıraqlı şəhər, Teslanın əsas sərgi salonuna yerləşdirdiyi on iki generator sayəsində işıqlanırdı. Ziyarətçilər həm Dəyişən Cərəyan generatorları, həm sərginin parıldayan işıqları, həm də Dəyişən Cərəyanla işləyən Vestinqhausun istehsal etdiyi fərqli elektrik alətlərini görmə fürsəti əldə etdilər. Tesla bu müsbət havanın gətirdiyi əla fürsəti qaçırmadan sərgi sahəsində Dəyişən Cərəyanın etibarlı olduğunu göstərən və izləyənlərə sehrli anlar yaşadan nümayişlər təşkil etdi. Tesla qara smokinqi, ağ köynəyi və qalstuku, melon şapkası və altı rezin ilə örtülü ayaqqabıları ilə Dəyişən Cərəyandan istifadə etməklə əllərindən qığılcımlar çıxararaq, tutduğu kabelsiz lampaları yandırdı və gələnləri ovsunladı.

Kolumb Dünya sərgisi

Bu sərgiyə 27 milyon insan gəlmişdi və demək olar ki, hər kəs Teslanın AC (Dəyişən Cərəyan) sistemini görərək ondan təsirlənmişdi.

Beləliklə, bu müharibənin qalibi artıq bəlli idi. Nikola Teslanın AC sistemləri, Tomas Alva Edisonun DC sistemlərini məğlubiyyətə uğratmışdı. Bu qaçınılmaz sonluq Edison üçün üzücü idi. Çünki, artıq əvvəlki nüfuzu itirməkdə idi. Tesla önə keçmişdi.

“Cərəyan Müharibəsi” dünyanın Dəyişən Cərəyanın üstünlüyünü və Teslanın dahiliyini tanıması ilə başa çatdı. Bu, Tesla üçün böyük bir zəfər idi. O, bu müharibədən qalib çıxmanın verdiyi güvənlə yeni layihələrə yönəlməyə başladı. Sonrakı illərdə radiodan rentgen şüalarına, uzaqdan idarə edilən sistemlərdən radar texnologiyasına qədər bir çox yeni ixtiraya imza ataraq tarixə öz adını qızıl hərflərlə yazdırdı. Boş yerə Teslaya “zamanının fövqündəki dahi” deməyiblər. Daim illər, hətta, əsrlər sonrasını düşünərək hər kəsi qabaqlamağı bacaran bu şəxs, hal-hazırda içində yaşadığımız dünyanın formalaşmasında böyük rola sahib oldu.

© Yaşıl Elm | 2024 | Bütün haqqları qorunur!