Son məqsəd: Özümüzü sorğulamaq

Həyat dedikdə nəyi nəzərdə tuturuq? Hüceyrəsi olan bütün varlıqları? Bəs o zaman viruslar? Viruslara canlı deyə bilərikmi? Yaxşı, onda "yaşamaq" nə deməkdir?

Son məqsəd: Özümüzü sorğulamaq

Əlbəttə ki, biz həyatı mikroskopik səviyyədə ələ aldıqda insanın lüğətində elə bir söz tapılmır ki, vəziyyəti izah etməyə kömək etsin. Bəzilərinə görə yaşamaq şüurluluq və şüursuzluqdur. Bitkinin şüuuru yoxdur – o sadəcə olaraq kimyəvi reaksiyalar aparır və şüursuz şəkildə inkişaf edir. İronikdir, elə deyil? Çünki biz də eyni şeyi edirik. Bizim bədənimizin etdiyi kimyəvi reaksiyalar bitkinin etdiyi kimyəvi reaksiyalardan heç də fərqli deyildir. Maddələr sadəcə bir-birləri ilə təmas edir və kainat tərəfindən əvvəlcədən müəyyən olunmuş kimyəvi və fiziki qanunlara riayət edərək reaksiyalar əmələ gətirirlər.

Bəs yaxşı, nədir bu həngamələr? Bu işlərin axırı nədir, həyat nədir, biz hara gedirik? Biz daha geniş şəkildə düşünə bilən və hal-hazırda planetdə ən dominant varlıqlarıqsa o zaman nə etməliyik? Əgər oturub bir anlığına düşünsəniz, görərsiniz ki, sizin əslində etdiyiniz şeylərin əksəriyyətini etməmək seçiminiz var.  Misal üçün, biz fəaliyyət göstərmək üçün ererji lazımdır, buna görə də biz qidalanmalıyıq. Sosial varlıqlar olduğumuza görə isə digər canlılarla maraqlanmalı, idman etməli və s. vəzifələri icra etməliyik. İndisə gəlin lazımlılıq anlayışı bildirən şəkilçiləri götürək.

Bizə fəaliyyət göstərmək üçün enerji lazım olduğuna görə qidalanırıq, sosial varlıqlar olduğumuza görə digər canlılarla maraqlanırıq, idman edirik və s. Fərq harada oldu? Edilən işin lazımlığında. Əslində, biz heç nəyə məcbur deyilik. Biz ölümə bir seçim kimi baxmırıq. Ölümün bir çıxış yolu olmadığını düşünürük. Amma həqiqətdə, o bir seçimdir. Heç delfinlərin intiharları barədə olan hekayələri eşitmişiniz? Onlar bəzən bilərəkdən nəfəs almağı dayandırırlar. Düzdür, onların bunu bilərəkdən edib etmədiyini hələ bilmirik. Lakin, onların digər canlılardan daha şüurlu olduğu dəfələrlə təsdiq olunub və çox gümanki bu hərəkət bir düşüncənin nəticəsidir.

Aydındır, bizim seçimimiz var. Ölmək və yaşamaq. Hansınısa seçməli və ya ümumiyyətlə seçim etməliyikmi? Ölmək üçün və ya yaşamaq üçün səbəbimiz nədir? Niyə inkişafa can atırıq?

Bu sualların cavabına bir çox insanlardan bir çox fərqli cavablar eşidəcəksiniz. Bu cavabların əksəriyyəti isə təsdiqlənməmiş ideologiyalarla dolu olacaq və sizə nəyinsə doğru, nəyinsə yanlış olduğunu deyəcək. Reallığa baxdıqda isə, bizim "doğru" və "yanlışlarımız"ın kainatın heç vecinə də olmadığını görəcəksiniz. Siz səsinizi itirənə qədər qravitasiyanın olmadığını bağırın, o asteroid qravitasiyanın qanunlarını izləyərək yerə çırpılıb sizi məhv edəcək. Ona görə əgər biz bir növ kimi inkişaf edib bu planeti tərk edib getmək istəyiriksə, fərqli ideologiyaları bir qırağa qoyub birlikdə işləməliyik.

Deyək ki, hamı razılığa gəldi. Hamı axmaqlıqdan bir xeyir gəlmədiyini gördü və ağlını başına toplayıb, bu yavaş-yavaş öldürdüyümüz planeti yaxın gələcəkdə tərk etməli olduğumuzu anladı. Bir düşünün, kvadrilyonlarla günəş sistemləri, planetlər, və bunun yanında biz sadəcə kiçik bir planetdə qısılıb qalmışıq. Nəyə can atırıq axı? Burada qalıb, öz mənasız həyatlarımızı nə qədər davam edəcəyik? Bizi knarda gözləyən böyük bir kainat var, bizim isə başımız, o böyük qapıları aça bilməyəcək qədər mənasız işlərə qarışıb. Axı bizim hər birimiz bu planetdə doğulub, inkişaf edib və sonra eyni şəkildə eyni planetdə öləcəyiksə niyə yaşayırıq? Əgər bizim hər birimiz bu dünyaya eyni cür gəlib-gedəcəksə, bu artıq təkamülün bizə verdiyi şansı zibilə atmaq demək deyilmi? Biz şüurlu və belə bir şeyi bacara bilən varlıqlar olduğumuz üçün, artıq indi hərəkətə keçməliyik ki, gələcəkdə şansımız daha çox olsun.

Bu məqalənin məqsədi sizə motivasiya filan vermək deyildir. İndiyənə qədər yazılanlar gəlib bir suala çıxmaq üçündür... Son məqsəd nədir?

İl 8956-dır. Kainatdakı insan sayı bütün növləri birlikdə götürdükdə onların 97%-ni təşkil edir. Bu gün insanlar növbəti 1272783485-ci qalaktikanı da  koloniyalaşdırdılar. İnsanların fərqli şəraitdə inkişaf etməsinə görə 43 milyon fərqli qruplara ayrılmışıq. Artıq insan sözü çox ümumi bir sözdür. Bizim artıq nə qidalanmağa, nə reproduksiyaya ehtiyacımız var. Biz inkişafın son mərhələsindəyik. Biz kainatın şahı olan ölümsüzlərik.

İnterqalaktik İnsan Birliyi Radiosu

İnterqalaktik sivilizasiya

Necə də mümkünsüz bir axmaqlıq kimi səslənir. Biz heç belə bir səviyyəyə çatmağı belə düşünməməliyik. Lakin kim deyə bilər sabahısı gün nə olacaq? Son məqsədimizin nə olduğunu düşünməyə heç dəyməzmi sizcə? Bir sivilizasiyanın son inkişaf mərhələsi, bir növün istəyə biləcəyi hər şey. Nədir o?

Bu sualı cavablandırmaqda çox acizik, çünki, aciz varlıqlarıq. Eqomuzu yüksəkdə tutaraq öz doğru və yanlış anlayışlarımızı sorğulamırıq. Əslində diqqətlə baxsaq, elə bir anlayışın heç ümumiyyətlə mövcud olmadığını görərik.

Son məqsəd - bu sizin istədiyiniz hər şey ola bilər. Məsələn, bəzi ssenarilərdə özümüzü kompyuterlərə yükləyib "Matrix"-də sonsuz xoşbəxtlik yaşaya bilərik. Əsas məsələ, heç bir əsas məsələnin olmadığını anlamaqdır. İnsan və Kainat. Kainatın qanunları ilə oynayacaqsansa inkişaf edəcəksən, oynamayacaqsansa məhv olub sonsuz kosmosa qarışacaqsan. Bunların heç biri yanlış və ya doğru deyildir.

© Yaşıl Elm | 2024 | Bütün haqqları qorunur!