Beynin sağ yoxsa sol yarımkürəsi daha çox işləyir?

Çoxunuz beynin sol və ya sağ hissəsinin daha yaxşı işlədiyini iddia edən mənbələrlə rastlaşmısınız. Gəlin bu iddiaların nə dərəcədə doğru olub-olmadığına birlikdə baxaq.

Beynin sağ yoxsa sol yarımkürəsi daha çox işləyir?

Bəlkə də rastınıza çıxıb, bir insan riyaziyyatda yaxşıdırsa, həmin insanın analitik düşüncə qabiliyyətinə sahib olduğu və beyninin sol yarımkürəsinin daha yaxşı funksiya göstərdiyi barədə fikirlər səslənir. Musiqidə yaxşı olan biri haqqında isə beyninin sağ yarımkürəsinin daha çox inkişaf etdiyi deyilir. Bununla yanaşı yarımkürələrin şəxsiyyət xüsusiyyətlərini təyin edən bir faktor olduğu iddiaları da var. Bu iddialara əsasən, sağ beyni daha yaxşı funksiya göstərənlərin yaradıcı və hissiyyatlı, sol beyni daha yaxşı işləyənin isə məntiqli və realist olduğu düşünülür.

Utah Universitetinin nevroloqlarının tətqiqatlarına əsasən insanların sağ ya sol beynini daha çox işlətdiyi barədə heç bir elmi sübut əldə edilməyib. İki il davam edən tətqiqat müddətində alimlər beyində yalnızca bəzi spesifik funksiyaları müşahidə ediblər. Başqa sözlə desək, sadəcə bəzi spesifik funksiyaların beynin tək bir yarımkürəsinə aid olduğu aydınlaşdırılıb. Tətqiqatçılar Maqnit Rezonans Tomoqrafiya istifadə edərək 7 və 29 yaş aralığında olan 1011 insanın beyinini analiz ediblər. Hər iştirakçının beynində spesifik kimi ehtimal edilən minlərlə nahiyə üzərində müşahidələr aparılıb. Əldə edilən nəticələr göstərib ki, həqiqətən də bəzi funksiyalar beynin ancaq bir yarımkürəsində emal olunur, ancaq iştirakçıların heç birində beynin bir yarımkürəsinin digərindən daha dominant və ya daha üstün olduğu aşkar edilmədi.

“Bəzi beyin funksiyalarının beynin sadəcə bir yarımkürəsində işləndiyi faktiki olaraq doğrudur. Danışıq sol yarımkürədə, diqqət isə sağ yarımkürədə olmağa meyllidir, ancaq insanlarda sağ beyin və ya sol beyin daha fəaldır deyə bir məsələdən söhbət gedə bilməz.”

          Tətqiqatın rəhbəri Jeff Anderson

Təcrübəyə qoşulan insanların Maqnit Rezonans şəkillərindən əldə edilən nümunələr toplanaraq xüsusi verilənlər bazası yaradıldı. Anderson və həmkarları beyin dalğalarındakı hərəkətliliyə baxaraq bir nahiyədəki beyin fəallığı ilə digərini müqayisə edə bildilər. Tətqiqatda alimlər beyni təxminən 7000 nahiyəyə ayıraraq hansı nahiyənin daha çox spesifikləşmiş olduğunu öyrəndilər. Bütün əlaqələr analiz edildiklərindən sonra sadəcə sağ və sol beyində emal edilən proseslərin sayları cəmləndi. Tətqiqatçılar ortaya çıxan nəticədən istifadə edərək, niyə bir əlaqənin spesifik olaraq sağ və ya sol yarımkürədə olduğuna dair modellər düzəltdilər.

Tətqiqatın nəticələri həyəcan verici idi, belə ki barəsində kitablar yazılan sağ və ya sol beyin dominantlığı elmi yolla çürüdüldü. Bəli, beyinin tək bir yarımkürəsində spesifik funksiyalar ola bilər ancaq bu həmin insanın beyninin o yarımkürəsini daha çox istifadə etməsi demək deyil.

"Hər kəs şəxsiyyət xüsusiyyətlərin tamamilə ya sağ ya sol beyinlə əlaqədar olmadığını anlamalıdır. Bəlkə də, şəxsiyyət dediyimiz proses beynin bir yarımkürəsində yox, iki yarımkürə arasındakı əlaqələrin xüsusi növü və sayı nəticəsində ortaya çıxır"

Utah Universitetindən Jared Nielsen

Görünür hazırda çox populyar mövzulardan olan sağ və sol yarımkürələrin bir-birinə olan üstünlüyü məsələsi hələ bir müddət öz aktuallığını qoruyacaq. Bu mövzu barədə araşdırmalar irəlilədikcə sağ və sol yarımkürələrin funksiyaları daha yaxşı başa düşüləcək. Gələcəyin texnologiyası bizə nə imkanlar təqdim edər bilinməz, ancaq fakt budur ki, beynin strukturu və işləmə prinsiplərini daha yaxşı öyrəndikcə, insanların istedadları və meyllərinin qaynağını daha da aydın başa düşəcəyik.

İstinadlar:

National Library of Medicine

© Yaşıl Elm | 2024 | Bütün haqqları qorunur!